Beynəlxalq Simpozium

23 dekabr 2017-ci ildə "Yeni Çağ" Media Qrupu, ATEV və Buyukfırat Group-un təşkilatçılığı ilə keçirilən "Regionun gələcəyi: Geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium.

23 dekabr 2017-ci ildə  “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunan “Regionun gələcəyi: Geopolitik çağırışlar və perspektivlər” adlı Beynəlxalq Simpozium öz işinə başlayıb.

Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər qatılıblar.

Beynəlxalq Simpoziumun birinci panelində çıxış edən “Ülke TV”nin baş direktoru Hasan Öztürk bölgədəki təhlükəsizlikdən söz açıb və regionumuzdakı ölkələrin əməkdaşlığının vacibliyini vurğulayıb. O qeyd edib ki, qarşılıqlı anlaşma və əməkdaşlıq sayəsində regionda sülhə və əmin-amanlığa nail olmaq olar.

Daha sonra rusiyalı politoloq Maksim Şevçenko çıxış edərək Rusiya-Türkiyə əlaqələrindən, həmçinin bu əlaqələrin Qafqaz, Orta Asiya, Yaxın Şərq regionlarında baş verən geopolitik proseslərə təsirindən bəhs edib.

Qazaxıstanlı ekspert Murat Abenov çıxışında türk dövlətlərinin MDB ölkələri ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

Gürcü politoloq Gela Vasadze isə çıxışında Qafqazda mövcud olan konfliktlər haqqında danışıb və Rusiyanın bu konfliktlərdəki rolunu şərh edib.

Politoloq Gülnarə Məmmədzadə də, öz növbəsində, regionumuza dair aktual olan mövzulara toxunub.

Politoloq Elxan Şahinoğlu da çıxış edərək regionun geosiyasi vəziyyətindən danışıb.

Panelin sonunda natiqlərə plaketlər verilib.


Beynəlxalq Simpoziumun “Regionda informasiya təhlükəsizliyi və QHT-lərin əməkdaşlığı”na həsr olunmuş və Aqil Ələsgərin moderatoru olduğu növbəti paneldə ilk olaraq rusiyalı tədqiqatçı-jurnalist, müstəqil ekspert Orxan Camal çıxış edib. İnformasiya təhlükəsizliyi barədə danışan natiq diqqətləri rus mediasının hazırkı vəziyyətindən bəhs edib. Ekspert rusiya hökumətini “Xarici agentlər” barədə qanun layihəsi qəbul etdiyinə görə tənqid etdi.

Sonra söz “Yeni Akit” qəzetinin rəhbəri Sinan Burhana verilib. Onun sözlərinə görə, dil baryerinin olmadığına görə həm türk, həm də Azərbaycan oxucusu bir-biri barədə istənilən məlumatı əldə edə bilirlər.

Sonra çıxış edən Qazaxıstanın Türkdilli jurnalistlər Fondunun sədri Naziya Bissenova nitqini vətəndaş cəmiyyətlərinin, QHT-lərin və media nümayəndələrinin əməkdaşlığının möhkəmləndirilməsinin vacib şərtləri üzərində qurub.

“The Great Middle East” layihəsinin rəhbəri Əli Hacızadə öz çıxışında Avrasiya və Yaxın Şərq regionlarında informasiya təhlükəsizliyi problemlərindən danışıb.

Panelin sonunda Girnə Amerika Universitetinin Beynəlxalq Əlaqələr üzrə kordinatoru Firuzə Aygün Osman çıxış edərək bütün ölkələrin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Sonda panel iştirakçılarına plaketlər verilib.


Simpoziumun sonunda söz Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırata verilib. O, simpoziumun önəmidən danışıb.

Yekun sözü ilə çıxış edən Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı tarixi hadisələrə dəyinərək media əlaqələrinin gücləndirilməsinin zəruruiliyini bildirib.

Simpozium iştirakçılara xatirə hədiyyələrinin təqdim olunması və xatirə şəklinin çəkdirilməsilə başa çatıb.

Foto Qalereya