21 iyul 2018-ci il tarixində Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Mətbuat Şurası və Azərbaycan Türkiyə Evinin birgə təşkilatçılığı ilə Beynəlxalq Media Forumu keçirilib.
İyulun 20-da Forum iştirakçılarının Heydər Əliyev adına hava limanında qarşılanma mərasimi baş tutub. Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyində görüş keçirilib.Görüşdən sonra isə qonaqlar Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarətin ardınca Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qonaqları qəbul edib.
Əli Həsənov Azərbaycan ilə Türkiyə media qurumlarının əlaqələrindən bəhs edərək bildirib ki, dövlətlərimiz vahid mövqedən çıxış edirsə, diaspor təşkilatlarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqlarından çıxış edərək vahid hədəflər uğrunda addımlar atırsa, bizim media orqanları da birgə fəaliyyət göstərməlidir.
Əli Həsənov Beynəlxalq Media Forumunun fəaliyyətinə uğurlar arzulayıb.
İyulun 21-də sat 10:00-da “Qafqaz Bakı” Hotelində keçirilən Beynəlxalq Media Forumu öz işinə başlayıb.
Çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi olduğunu bildirib:
“Anadolu” Yayınçılar Dərnəyi və “Yeni Çağ” Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutan bu Forum sayca üçüncüdür. Forumun təşkilində əsas məqsəd iki qardaş ölkənin mediası arasında əlaqələrin gücləndirilməsi, inteqrasiyanın sürətləndirilməsidir.
Biz Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, xarici ölkələrin media quruluşları ilə əlaqələrin gücləndirilməsi istiqamətində konkret addımlar atırıq. Bu Forum da həmin tövsiyədən irəli gələn bir addımdır.
Tədbirdə Azərbaycan və Türkiyə mediasının durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması kimi məsələlər müzakirə ediləcək. Bundan başqa, bu günlərdə iki il əvvəl baş vermiş FETÖ-nun çevriliş cəhdi və bundan sonrakı gəlişmələrə də toxunulacaq. İnanıram ki, tədbirin məqsədlərinə tam nail olunacaq”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışında Azərbaycan və Türkiyənin bütün sahələrdə bir-birini dəstəklədiyini qeyd edib:
“Bu, tarixi bir zərurətdir. Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı daha da dərinləşir. Bu, çox vacibdir. Təbii ki, media yenilənir, kosmik bir çağda yaşayır. Onlayn media trenddir. Bu baxımdan sosial medianı xüsusi ilə qeyd etməliyəm. Mütəmadi olaraq düşmənlərimiz sosial şəbəkələr vasitəsi ilə bizlərə qarşı müxtəlif kampaniyalar aparırlar. Məsələ ilə bağlı saatlarla danışmaq olar. Son olaraq onu da qeyd edim ki, bu forumun keçirilməsi çox böyük hadisədir. Bu, bir ilkdir. İnanıram ki, bu səfərlər qarşılıqlı olacaq”.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxışında Azərbaycan və Türkiyə dövlətləri arasında qurulan münasibətlərdən söz açıb:
“Bu forumda çıxış etdiyim üçün qürur duyuram. Sizlər Azərbaycanın bu gününü Türkiyəyə, Türkiyənin bu gününü Azərbaycana çatdıracaqsınız. Eyni dildə danışan kifayət qədər ölkələr var. Amma heç biri bizim kimi bir millət, iki dövlət deyil. Azərbaycan Cümhuriyyətini elan edən o müqəddəs şəxslər 23 aydan sonra Türkiyəyə mühacirət etmişdilər. Cümhuriyyət dönəmində bir çox gənc təhsil almaq üçün Türkiyəyə üz tutdu. Həmin gənclər daha sonra Türkiyə Cümhuriyyətinin qurulmasında önəmli rol oynayıblar. Bolşevik işğalı zamanı da əlaqələrimiz kəsilməyib. Qurtuluş savaşı zamanı da Azərbaycan Türkiyəyə böyük dəstək verib. Bu, çox bilinməyən bir gerçəkdir. Soyuq müharibə illərində bizim bir millət, iki dövlət olduğumuzu unutdurmağa çalışsalar da, bunu bacarmadılar. Düşmən heç vaxt “azərisən, yoxsa türk?” deyə soruşmaz. Düşmən bizim kim olduğumuzu çox yaxşı bilir”.
Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb:
“Anadolu Yayımçılar Dərnəyi olaraq bundan sonra Azərbaycan mediası ilə sıx çalışacağıq. Hər iki ölkənin vətəndaşı bir-birinə könüldən bağlıdır. Türkiyədə Azərbaycanı kimdən soruşsan, böyük bir sevgi ilə danışacaq. 15 iyul gecəsində Aqil Ələsgərlə birlikdə Konya şəhərində idik. O gecə xain FETÖ-çular bizi üçüncü dünya ölkəsi səviyyəsinə endirmək istədilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstəyini əsirgəmədi”.
Beynəlxalq Media Forumun Türkiyənin “Akşam” qəzetinin köşə yazarı Emin Pazarcının sədrliyi ilə keçirilən 1-ci panelində mövzu ətrafında müzakirələr aparılıb. Pazarcı iki ölkə arasında münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu deyib və Türkiyə-Azərbaycan mediasının birliyindən danışıb.
“Qardaşlıqdan strateji ortaqlığa: Türkiyə – Azərbaycan” panelində çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Türkiyənin 15 iyul hadisələrindən üzüağ çıxdığını qeyd edib.
“Kanal 7” telekanalının Ankara təmsilçisi Mehmet Acet bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri öz mahiyyətinə görə bənzərsizdir.
İkitərəfli münasibətləri dəyərləndirən “Yeni şafak” qəzetinin baş redaktoru Hasan Öztürk Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirib.
Paneldə çıxış edən “Akıt” qəzetinin Ankara təmsilçisi Hacı Yakışıklı və Rusiya-Türkiyə Şurasının üzvü İvan Starodubtsev panelin mövzusu ilə bağlı fikirlərini çatdırıblar. Panelin yekununda mövzuya dair diskussiya aparılıb.
Beynəlxalq Media Forumun “Vətəni qorumağın yeni adı – 15 iyul” adlı 2-ci panelinə sədrlik edən “İnternethaber” Xəbər Portalının baş redaktoru Hadi Özışık 2016-cı il 15 iyul gecəsi yaşanan hadisələrlə bağlı bəzi xatirələrini bölüşüb.
Paneldə çıxış edən “Hürriyet” qəzetinin yazarı Deniz Zeyrek də 15 iyul olayı zamanı üzləşdiyi dramatik epizodlardan danışıb.
“Haber 7” xəbər portalının Ankara təmsilçisi İbrahim Ərdoğan paneldəki çıxışında 15 iyul gecəsi medianın fəaliyyətinə yaradılan əngəllərdən bəhs edib.
“24 TV” telekanalının Ankara təmsilçisi Melih Yigitel 15 iyul gecəsi 30 illik hakimlərin, 20 illik zabitlərin Türkiyəyə qarşı terror aksiyasına qalxdığını, lakin millətin bunun qarşısını aldığını deyib.
Paneldə çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər 2016-cı 15 iyul günü Türkiyədə olduğunu, həmin məşum gecəni Türk qardaşlarla birlikdə keçirdiyini bildirib.
KONTV telekanalının rəhbəri Nurettin Bay 15 iyul hadisələri zamanı “Vatsap” və “Messencer” üzərindən qəhrəmanlıq edən müxbirlərdən danışıb.
Panelin yekununda mövzuya dair fikir mübadiləsi aparılıb.
Forumun növbəti günü iştirakçılar Şəhidlər Xiyabanını, həmçinin Fəxri Xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib, məzarları üzərinə gül düzüb, dualar oxuyublar.
Media Forumunun iştirakçıları Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuatının əsasını qoymuş “Əkinçi” qəzetinin təsisçisi Həsən Bəy Zərdabinin abidəsini ziyarət ediblər. Qonaqlar orada xatirə fotosu çəkdiriblər.
Daha sonra qonaqlar “Yeni Çağ” Media Qrupunun redaksiyasında olublar. Onlar media qrupunun əməkdaşları və iş prosesi ilə yaxından tanış olublar.
Beynəlxalq Media Forumu iştirakçıların ölkələrinə yola salınması ilə başa çatıb.